Problemli kreditlər yenə artır: Günah kimdədir? | TƏHLİL

   Problemli kreditlər  yenə artır:  Günah kimdədir?    | TƏHLİL
  27 Mart 2025    Oxunub:1186
İqtisadiyyatın əsas qanunlardan biri budur ki, sadə dildə desəm, borc alıb, borc verməsən inkişaf edə bilməzsən. Odur ki, inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr borclanmaya gedirlər. Başqalarına borc vəsaitləri verməklə yanaşı, özləri də borc alırlar. İnsanlar da belədir. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istər fərdi, istərsə də adi ev təsərrüfatına sahib hər kəs xərclərini qarşılamaq üçün kredit təşkilatlarından borc alırlar.
Həmin vəsaitləri vaxtında geri qaytarmayanda “problemli kreditlər” deyilən məbləğ yaranır. Sonda da bu borc vəsaiti yük olaraq ya kredit təşkilatlarının belində qalır, ya da dövlətin. Problemli kreditlər Azərbaycan üçün başıbəlalı məsələdir. 2015-ci ildə ardıcıl iki devalvasiyadan sonra bu məsələnin hansı səviyyəyə gəlib çatdığı və necə həll olunduğu yaxşı yadımızdadır. Əgər Prezident İlham Əliyev vaxtında müdaxilə etməsəydi az qala 2 milyard manata yaxınlaşan vaxtı ötmüş kreditlər bank sektorunu çökdürəcəkdi. Bu isə ölkə iqtisadiyyatı üçün böyük faciə olacaqdı. Lakin, həmin dərsdən nəticə çıxarmışıqmı?! Belə görünür ki, xeyr.

Problemli kreditlər yenə də var və getdikcə artmaqdadır. 2025-ci il fevralın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 475.1 milyon manat təşkil edib. Mərkəzi Bankının məlumatına görə, bu göstərici cari il yanvar ayının 1-i ilə müqayisədə 5.8% və ya 26 milyon manat çoxdur. Ümumiyyətlə, ölkədə problemli kreditlərin məbləği son 1 ildə 4.6% və ya 21 milyon manat artıb. Səbəb nədir?

Problemin o vaxt da, indi də yaranmasında əsas səbəb istehlak kreditləri sayılır. Yəni, əhalinin ölçüb-biçmədən istehlak xarakterli borc vəsaitləri almağa getməsi, kredit təşkilatlarının da məhz sözügedən kreditləri düşünülməmiş şəkildə vermələri borcları şişirdir. Banklar daha tez qazanc götürmək məqsədilə uzunmüddətli deyil, qısamüddətli kreditləşdirmədə maraqlıdırlar. İstehlak kreditlərinə də əhalini bir çox halda onların özləri təşviq edirlər. Bu zaman bəzilərinin israr etməyə çalışdıqları kimi əhalinin sosial-iqtisadi durumu və sair ilə bağlı amillər borclanmanın genişlənməsində heç bir rol oynamır. Yəni heç bir vətəndaş məsələn, ərzaq almaq məqsədilə kredit yükünün altına girmir. Problemli kreditlər ən çox bahalı mal və istehlak məhsulların əldə edilməsi sayəsində yaranır.


Əlbəttə, burada obyektiv səbəblər də var. Məsələn, vətəndaş bugünkü gəlirinə əsasən bankdan kredit alır, amma sonra həmin gəlir mənbəyini ya itirir, ya da gəlir inflyasiyaya uğrayır. Lakin bu hallarda da günah banklarda sayılır. Yəni problemli kreditlərin artmasında əsas rolu bankların kreditləşdirmə siyasəti oynayır. Əsas səbəb də məhz bunda axtarılmalıdır.

Məsələ ondadır ki, banklar da daxil kredit təşkilatları borc vəsaitlərini heç bir halda ölçü-biçili şəkildə vermirlər. Sığortaya gəldikdə isə qabaqcadan yalnız bir vasitəyə arxalanırlar: faizləri bacardıqca yüksək səviyyədə saxlayırlar. Halbuki, bu elə verilən kreditlərin qaytarılmasında başlıca səbəb sayılır.

Ölkədə 395,9 milyon manat təşkil edən problemli kreditlərin ən çox hissəsi - 300,5 milyon manatı Bakının payına düşür. Sumqayıtda 13,2 milyon manat, Gəncədə 11 miylon manat, Abşeronda 5,9 milyon manat olub.
Zaqatalada problemli kreditlər 5,3 milyon manat, Şəmkirdə 4,3 milyon manat, Yevlaxda isə 4 milyon manat təşkil edib. İlk onluğa Xaçmaz (3,7 milyon manat), Bərdə (3,6 milyon manat) rayonları, Naxçıvan şəhəri (3,4 milyon manat) daxil sayılıb.
Problemli kreditlərin ən aşağ səviyyəsi isə 0,1 milyon manatla Naftalan şəhərinə, Ağdam, Şabran, Yardımlı, Oğuz, Lerik, Füzuli və Daşkəsən rayonlarına, 0,2 milyon manatla isə Qobustan, Kəngərli, Qusar, Qax, Astara, Samux və Balakən rayonlarına, 0,3 milyon manatlasa Ağsu, Culfa, Zərdab, Gədəbəy, Hacıqabula aid olub.

Göründüyü kimi, məşğulluq da, gəlir mənbələri də, dolanışıq səviyyəsi də rayonlara nisbətən daha yaxşı və əverişli olduğu halda Bakı liderdir. Ancaq, ən çox kredit alanlar da paytaxtdadır, krediti qaytara bilməyənlər də...

Bəli, əvvəldə dediyim kimi, borc alıb, borc verməsən irəli getmək mümkün deyil. ABŞ dünyada ən çox borcu olan, lakin həm də bir nömrəli iqtisadi gücə malik ölkədir. Amma krediti əldə etməmişdən öncə gəlir və xərclərin götür-qoy edilməsi, sığorta amilləri, "ayağın yorğana görə uzadılması" prinsipi mütləq nəzərə alınmalıdır. Müxtəlif fors-major halları, inflyasiya, devalvasiya və sair gözləntilərin nəzərə alınması kredit təşkilatlarının vəzifəsidir. Banklar istehlak kreditləşdirməsində cari məqsədlər güdməməli, asan və sürətli qazanc əldə etmək üçün çalışmamalıdırlar. Ancaq vətəndaş da borclanmaya kortəbii şəkildə və şüursuz getməməlidir.


Pərviz Heydərov
Azvision.az üçün
Şəkillər Süni İntellekt ilə generasiya olunub


Teqlər: Kredit  





Xəbər lenti